Bu il Bakı Caz Festivalı 3 oktyabr tarixində möhtəşəm açılış gecəsi ilə başlayacaq!
Festivalın ilk gecəsində Azərbaycan cazının iki böyük siması — Azərbaycan cazının metri Rain Sultanov və virtuoz pianoçu və bəstəkar İsfar Sarabski Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri ilə birlikdə xüsusi proqram təqdim edəcəklər.
Azərbaycan cazının iki fərqli, lakin bir-birini tamamlayan musiqi dünyası — Rain Sultanovun dərin və emosional saksofon ifası ilə İsfar Sarabskinin virtuoz pianoçuluğu klassik orkestr səslənməsi ilə bir araya gələcək. Bu, caz, klassik musiqi və Azərbaycan musiqi irsinin vahid səhnədə görüşdüyü xüsusi musiqi gecəsi olacaq. Rain Sultanov uzun illərdir Azərbaycan cazının inkişafında mühüm rol oynayır, Bakı Caz Festivalının təsisçisi və bədii rəhbəridir.
İsfar Sarabski isə Azərbaycan cazının yeni nəslinin beynəlxalq səviyyədə tanınan ən parlaq simalarından biridir. O, 2009-cu ildə, cəmi 19 yaşında, Montreux Jazz Festivalının Solo Piano müsabiqəsində qalib gəlib və sonrakı illərdə özünəməxsus musiqi dili ilə cazı, klassik musiqini, muğamı və elektron səsləri bir araya gətirib.
FR33 ROOTS — səhnədə ritm partlayışı!
Gecənin enerjisini isə Fransadan gələn FR33 ROOTS tamamlayacaq. Mavrikidən gələn pianoçu, keyboardçu, vokalist və prodüser Samuel Appapoulay 25 ildən artıq beynəlxalq səhnə təcrübəsini caz, Afrika və Mavrik musiqisinin ritmləri, soul, groove və müasir səslərlə birləşdirir.
Layihənin diqqətçəkən simalarından biri isə virtuoz bas gitaraçı və kontrabasçı Linley Marthedir. Mavrikidən olan musiqiçi Fransa və beynəlxalq caz səhnəsində uzun illərdir fəaliyyət göstərir və özünün güclü ritmik üslubu ilə seçilir.
FR33 ROOTS — Afrika ritmlərinin, dünya musiqisinin, caz improvizasiyasının və müasir groove-un bir araya gəldiyi, tamaşaçı ilə birbaşa enerji mübadiləsi yaradan canlı musiqi layihəsidir.
Bu gecə sadəcə konsert olmayacaq — səhnə ritmlə, enerji ilə və cazın azad ruhu ilə dolacaq!
Gecənin musiqi atmosferini isə DJ Frida tamamlayacaq.